Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - iyunun 29-30-da səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
Departamentdən YeniAvropa-ya verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində hava şəraitinin yağışlı olacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu dağətəyi rayonlarda 27-32°, dağlıq rayonlarda 19-24° isti olacaq.
Lənkəran-Astara bölgəsində iyunun 29-da hava yağmursuz keçsə də, iyunun 30-da arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturunun 30-35° isti olacağı ehtimal edilir.
Aran rayonlarında fasilələrlə yağış yağacaq. Havanın maksimal temperaturunun 30-35° isti olacağı proqnozlaşdırılır.
Naxçıvan Muxtar Respublikasında əsasən axşam saatlarında yağış yağacaq. Havanın maksimal temperaturunun 29-34° isti olacağı bildirilir.
Bakıda və Abşeron yarımadasında iyunun 29-u gündüzdən etibarən arabir güclənən şimal-qərb küləyinin əsəcəyi, iyunun 30-da daha da güclü olacağı gözlənilir. Havanın maksimal temperaturu 23-27° isti olacaq.