İyunun 25-də 20 nəfər Bakı şəhər sakini “qida zəhərlənməsi” diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib və müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Bakı Şəhər Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilir ki, aparılmış araşdırmalarla həmin şəxslərin qeyd edilən tarixdə paytaxtın Xətai rayonunda, Babək prospekti 65 ünvanında yerləşən maşın bazarında fəaliyyət göstərən “Qədir xum” adlı dönərxanadan dönər alıb yedikdən sonra səhhətlərində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət etdikləri müəyyənləşdirilib.
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birlikdə dönərxanaya baxış keçirilib, nümunələr götürülərək laborator müayinəsinə göndərilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin olunub.
Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.