logo

Lerikli fermerlər ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı mövzusunda maarifləndiriliblər

10:33 27-06-2019 | icon 2702
Lerikli fermerlər ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı mövzusunda maarifləndiriliblər

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Ekoloq-2010”  Ekoloji Maarifləndirmə  İctimai Birliyi  tərəfindən icra olunan  “Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı sahibkarlar arasında maarifləndirmə işlərinin aparılması “ layihəsi çərçivəsində Lerik rayonunda  yerli fermer və sahibkarlar üçün maarifləndirici seminar keçirilib.

YeniAvropa xəbər verir  ki, tədbirdə Lerik  RİH-nin nümayəndələri, rayonun müxtəlif  kəndlərindən olan 30-dək  fermer və kiçik sahibkarlar iştirak ediblər.

Ərazisində ekoloji təmiz  torpaqların payına görə Azərbaycanın dünyanın aparıcı 10 ölkəsi sırasına  daxil olduğunu  qeyd edən layihə rəhbəri Səlim Balayev bildirib ki, əlverişli təbii iqlim qurşağında yerləşməsi, sutkanın  təqribən 10 saatının günəşli olması Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üçün geniş imkanlar yaradır.

Digər tərəfdən isə  dövlətin də bu istiqamətdə  marağı və dəstəyi ortadadır. Belə ki, 2008-ci ildə “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, bunun ardınca  bir sıra normativ-hüquqi və informasiya-məlumat bazası formalaşdırılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə “Made in Azerbaijan” brendinin dünyada tanıdılması məqsədilə  10-dan artıq ölkədə “Azərbaycan Ticarət  Evi” yaradılıb. Həmin ticarət evlərində  daimi  sərgilər fəaliyyət göstərir ki, burada  da ölkəmizdə istehsal olunan 150 çeşiddən artıq ekoloji təmiz məhsullar sərgilənməkdədir.

Tədbirin  məqsədinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalı üzrə zəruri aqrotexniki tədbirlər barədə fermer və kiçik sahibkarların  bilik və bacarıqlarının artırılması ilə onların bazar rəqabətli məhsul istehsal etməklərinə dəstək vermək olduğunu deyən ekspert  Zəfər Miriyev  bildirib ki, layihənin icrası üçün respublikanın cənub bölgəsi ( Lənkəran, Lerik və Astara rayonları) əbəs yerə seçilməyib. Belə ki, hələ sovet dönəmində  bu bölgə  keçmiş İttifaqın faraş tərəvəz və bostan bitkiləri ilə əsas təminatçısı olub. Müstəqillik illərində Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsinin də inkişaf etdirilməsini qarşıya məqsəd qoyub və bu istiqamətdə lazımı tədbirlər görülməkdədir. O, çıxışında  Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”  Qanundan irəli gələn tələblər,  eləcə də  məhsul istehsalının daha da genişləndirilməsinin zəruriliyi, satış bazarlarının  müəyyən edilməsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Seminarda qonaq qismində iştirak edən 1 saylı Ərazi üzrə Ekalogiya və Təbii Sərvətlər Şöbəsənin məsləhətçi- mütəxəssisi Ramin Quliyev ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı zamanı fermer və kiçik sahibkarların əsas diqqət yetirməli olduqları vacib məqamlar,  eləcə də  yol verilən nöqsanlar zamanı qanunvericilikdə təsbit olunmuş cərimələr barədə tədbir iştirakçılarını məlumatlandırıb.   

Çay fasiləsindən sonra  diskusiya şəraitində davam etdirilən seminarda  fermerlərin  mövzu ilə bağlı bağlı sualları cavablandırılıb, tövsiyyələr verilib. Suallardan belə aydın olub ki, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının daha da genişləndirilməsinə  fermerləri əsas narahat edən məsələ kənd əhalisinin suvarma suyuna birbaşa çıxışın olmasıdır.  Suvarma suyunun azlığından sahələr aqrotexniki qaydalara müvafiq olaraq vaxtında suvarılmır, bu isə  nəticə etibarilə məhsulun həm keyfiyyət, həm də kəmiyyət göstəricilərini çox ciddi şəkildə aşağı salır. Məsələyə münasibət bildirən layihənin eksperti  Zəfər Miriyev tarlaların suvarma suyu ilə lazımi qaydada  təchiz edilməsi üçün əlaqədar təşkilatlara-yerli bələdiyyə və icra nümayəndələrinə  vaxtında  müraciət edilməsinin zəruriliyini bildirib. Eyni zamanda, yaxın gələcəkdə xidmət təchizatçıları ilə kooperasiya əsasında müqavilə bağlamaqla aqrotexniki tədbirlərə dair problemləri kompleks şəkildə həll etməyin mümkün olacağını vurğulayıb.

O, həmçinin,  fermerlərə istehsal edəcəkləri məhsulun ən azından 50%-nin potensial alıcısını müəyyən edərək müqavilə bağladıqdan sonra işə başlamağı və eyni zamanda davamlı bazar araşdırmaları aparmaqla tələbə üyğun olaraq təsərrüfat fəaliyyətlərini tənzimləməyi məsləhət bildi.

Tədbirin sonunda layihə heyəti fermerlərə cari təsərrüfat ilini uğurla başa vurmağı arzulayıb.  Fermerlər isə öz növbəsində seminarın onlar üçün çox faydalı  olduğunu,   analoji tədbirlərin mütəmadi olaraq keçirilməsinə  ehtiyac duyulduğunu bildiriblər.