Fevralın 1-dən etibarən qatarların sürətini və intensiv hərəkətini təmin etmək məqsədilə Bakı–Sumqayıt dairəvi dəmir yolunun əsaslı təmirinə start verilib.YeniAvropa-ya bu haqda “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Məlumatda qeyd edilib ki, əsaslı təmir işlərini 5 saylı İDYM MMC-nin kollektivi həyata keçirir.
Ümumi uzunluğu 107 kilometr olan baş yollarda təmir işlərinin sentyabr ayına qədər başa çatdırılması planlaşdırılır. Layihə mərhələli şəkildə həyata keçiriləcək. İlkin mərhələdə Sabunçu-Bakı sərnişin stansiyası istiqamətində 14 kilometr yolun sökülməsi və əsaslı təmiri nəzərdə tutulub.
Qeyd edək ki, bu yolun qoyuluşu başa çatandan sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi, qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci kilometr qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.
Xatırladaq ki, yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məsələyə ciddi önəm verərək deyib: “Bu il, eyni zamanda, Bakı şəhərətrafı dairəvi dəmir yolunun çəkilməsi nəzərdə tutulur. Bu da şəhərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün çox önəmli layihədir. Əminəm ki, Bakının və Bakıətrafı qəsəbələrin sakinləri bunun nə dərəcədə böyük xeyri olacağını hiss edəcəklər”.