Azərbaycanın görkəmli alimi və mətbuat tarixi tədqiqatçısı, Azərbaycan Xalq Cumhuriyyətinin, eləcə də Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsi və təbliğində misilsiz xidmətləri olan Şirməmməd Hüseynov vəfat edib.
YeniAvropa xəbər verir ki, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri olan , 95 yaşlı tədqiqatçı bu gün yaşadığı mənzilində dünyasını dəyişib.
Qeyd edək ki, Ş.Hüseynov 1924-cü ildə Şəkidə anadan olub. 1941-1943-cü illərdə bu şəhərdəki 2 illik müəllimlər institutunun fizika-riyaziyyat fakültəsində, 1945-1950-ci illərdə o vaxtkı Azərbaycan Dövlət Universitetində filologiya-jurnalistika şöbəsində, 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb. 1954-cü ildə MDU, jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib.
O, 1954-1961-ci illərdə BDU-nun filologiya fakültəsinin jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb, 1962-1969-cu illərdə həmin fakültənin dekan müavini olub, 1961-1971-ci illərdə BDU-nun jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti, 1971-1976-cı illərdə BDU-nun Jurnalistika fakültasinin dekanı, 1971-1988-ci illərdə BDU-nun mətbuat tarixi kafedrasının dosenti, 1976-1988-ci illərdə həmin kafedrasının müdiri vəzifəsində işləyib, 1988–ci ildən kafedranın professorudur.