logo

Sabah Bakıda Ümumdünya İrs Gənc Peşəkarlar Forumu öz işinə başlayacaq

18:37 23-06-2019 | icon 2576
Sabah Bakıda Ümumdünya İrs Gənc Peşəkarlar Forumu öz işinə başlayacaq

Dünya İrs Komitəsinin iyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək 43-cü sessiyası çərçivəsində Azərbaycan daha bir beynəlxalq foruma ev sahibliyi edəcək. Belə ki, dünyanın 30 ölkəsini təmsil edən 30 gənc irs mütəxəssisi iyunun 24–dən iyulun 2-dək Bakıda baş tutacaq Ümumdünya İrs Gənc Peşəkarlar Forumunda iştirak edəcək.

Mədəniyyət Nazirliyindən  YeniAvropa-ya bildirilib ki, son illər Dünya İrs Komitəsinin illik sessiyaları çərçivəsində ənənəvi olaraq təşkil olunan Gənc Peşəkarlar Forumunun builki mövzusu “Ümümdünya İrsi: Qlobal Çağırışlar üçün Yerli İdeyalar” olacaq.

İyun 23-də təşkilatçılar tərəfindən Forum iştirakçılarının qarşılanması və “Boulevard Baku Otel”ində yerləşdirilməsi həyata keçirilib, onlara tədbirdə iştirakla bağlı bütün zəruri məlumatlar verilib. Günün sonunda, Forum iştirakçıları üçün Dağüstü Parka səfər təşkil edilib və onlar burada Şəhidlər xiyabanını da ziyarət ediblər.

Gənc Peşəkarlar Forumunun ümumi məqsədi XIX əsrdə dünyada irsin idarə edilməsində mövcud problemlər və imkanların üzə çıxarılmasıdır. Forumun proqramı rəngarəngliyi ilə seçilir. Belə ki, tədbirin ilk 4 günü fərqli məkanlarda - Azərbaycan Memarlıq və İnşaat Universiteti, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu və Qəbələ-İsmayıllı-Lahıc bölgəsində baş tutacaqdır. Əcnəbi və yerli irs ekspertlərinin iştirakı ilə bir sıra təqdimatlar ediləcək, dəyirmi masalar yolu ilə iştirakçılar 1972-ci il Dünya Mədəni və Təbii İrsinin Qorunması ilə bağlı Dünya İrs Konvensiyasına dair praktiki biliklər əldə edəcəklər. Həmçinin Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyinin qlobal konsepsiyaları ilə tanış olacaqlar. Sonda Forum iştirakçıları Dünya İrs Komitəsinin 43-cü sessiyasında öz Bəyannamələrini təqdim edəcəklər.