Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum edilmiş D.Ardatyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənYeniAvropa -ya bildiriblər ki, şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülüb. D.Ardatyev ilkin təhqiqat zamanı bildirib ki, bir neçə gün əvvəl Xəzər rayonu Buzovna qəsəbəsində tanımadığı şəxsin hasarının yaxınlığında spesifik iyi olan bitki yarpaqlarını yığaraq özündə saxlayıb.
İdarə əməkdaşlarının həmin ünvanda keçirdikləri əməliyyat zamanı ev sahibi - paytaxt sakini E.Rüstəmov da saxlanılıb. Onun həyətyanı sahəsindəki istixanaya baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 556 kiloqram olan 1206 narkotik tərkibli çətənə kolu, eləcə də 65 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
E.Rüstəmov ifadəsində narkotik tərkibli bitkiləri martda əkdiyini və xüsusi qulluq göstərərək yetişdirdiyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub. Axtarış zamanı E.Rüstəmovun idarə etdiyi “Saipa” markalı avtomobildən də əlavə olaraq siqaret qutusunun içində qablaşdırılmış 2 qram marixuana aşkarlanıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir.