logo

İyulun 1-dən Bakı-Batumi müntəzəm avtobus reysi istifadəyə veriləcək

19:15 20-06-2019 | icon 2548
İyulun 1-dən Bakı-Batumi müntəzəm avtobus reysi istifadəyə veriləcək

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) Bakı-Batumi-Bakı istiqaməti üzrə yeni avtobus reysinin istifadəyə veriləcəyi tarix məlum olub.

BBAK-danYeniAvropa-ya bildirilib ki, iyulun 1-dən etibarən hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Bakı vaxtı ilə saat 18:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı-Batumi istiqaməti üzrə avtobus reysi fəaliyyətə başlayacaq. Avtobus Batumi şəhərinə növbəti gün saat 10:00-da çatacaq. Avtobusun Batumidən geriyə yola düşmə vaxtı isə həftənin çərşənbə, cümə və bazar günləri yerli vaxtla saat 10:00-da olacaq. Biletin bir istiqamət üzrə qiyməti 40 AZN təşkil edir.

Sərnişinlər Bakı-Batumi-Bakı reysinə biletləri “avtovagzal.az” saytı və mobil tətbiq vasitəsilə onlayn qaydada, həmçinin Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarına yaxınlaşmaqla əldə edə bilərlər.

Biletləri “Qabaqcadan satış” kassaları və onlayn qaydada 10 gün öncədən 1 gün qabağa qədər əldə etmək mümkündür. Beş yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. Beş yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50 faizi ödənilir. Sərnişinlərin istəyinə uyğun olaraq, 5 yaşadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür. Ətraflı məlumat əldə etmək üçün (012) 406-01-58/59 nömrələri ilə əlaqə saxlamaq olar.