logo

Bakıda Ombudsmanların XVI Beynəlxalq Konfransı işə başlayıb

12:13 18-06-2019 | icon 2870
Bakıda Ombudsmanların XVI Beynəlxalq Konfransı işə başlayıb

İyunun 18-də Bakıda Ombudsmanların XVI Beynəlxalq Konfransı işə başlayıb.

YeniAvropa xəbər verir  ki, konfrans 18 iyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə həsr edilib. "Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında ombudsmanların rolu” mövzusunda keçirilən konfrans Ombudsman Aparatının təşkilatçılığı və UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə baş tutub.

Konfransda dövlət və hökumət rəsmiləri, xarici ölkələrin ombudsmanları, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, QHT-lərin və KİV-lərin təmsilçiləri iştirak edirlər.

Tədbirdən əvvəl Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransının iştirakçıları Fəxri xiyaban, daha sonra Şəhidlər xiyabanına gəliblər. Qonaqlar ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə tər güllər, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublarlər.

Konfrans Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Konfransı açan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququnun verildiyini deyib. Bildirib ki, bu gün müasir müstəqil Azərbaycan dövləti vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması üçün bütün imkanlarını səfərbər edib. Bu səylər, görülən işlər nəticəsində Azərbaycan artıq dünyada öz sözü, yeri olan dövlət kimi tanınır.

Baş nazirin müavini Əli Əhmədov insan hüquqlarının müasir cəmiyyətin ən ali dəyərlərindən olduğunu bildirib.

Konfrans çərçivəsində keçirilən plenar iclasda ombudsman Elmira Süleymanova "Ədalətli sülh dayanıqlı inkişaf məqsədlərinə nail olunmasının qarantıdır", Türkiyənin baş ombudsmanı Şeref Malkoç "Yaxşı idarəçilik və bürokratiyanın Dayanıqlı İnkişaf Məqsədlərinə təsirləri", Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkilinin müşaviri Vyaçeslav Tolmaçov "Dayanıqlı İnkişaf Məqsədləri və onun indikatorları kontekstində Rusiyanın hüquq müdafiə gündəliyi", İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova "Azərbaycanda dayanıqlı inkişafa yönəlmiş islahatlar", Rusiyanın Tatarıstan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Sariya Saburskaya "Dayanıqlı inkişaf, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsində tərəfdaşlıq: Tatarıstan Respublikası ombudsmanının təcrübəsi", Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ülkər Bayramova "Naxçıvan Muxtar Respublikasında Dayanıqlı İnkişaf Məqsədlərinin icrası sahəsində görülən işlər" mövzularında məruzələrlə çıxış ediblər.

Tədbir müzakirələrlə davam edib.