İyunun 17-də Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisindən axan Lənkəran çayında boğulma hadisəsi qeydə alınıb.
YeniAvropa xəbər verir ki, kənd sakinləri yaşlı qadının Lənkəran çayına düşərək boğulması barədə rayon polis şöbəsinə məlumat veriblər.
Hadisə yerinə təcili yardım briqadası ilə bərabər, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri də cəlb olunublar. Suya düşən qadının meyiti çaydan çıxarılıb.
İlkin araşdırmalar zamanı qadının yerli sakin olmadığı müəyyən edilib. Məlum olub ki, çayda boğulan şəxs Ukrayna vətəndaşı, 1956-cı il təvəllüdlü Solmaz Nəsirovadır.
Solmaz Nəsirova Lənkəran rayonunun Kərgəlan kəndində doğulub. Ailəlidir və üç övladı var. O, ailə həyatı qurduqdan sonra Ukraynaya köçüb. Yaxınlarının bildirdiklərinə görə S.Nəsirova astma xəstəliyindən əziyyət çəkirmiş.
Səhər saatlarında təmiz hava almaq məqsədilə çayın sahili ilə dəniz kənarına getmək istəyərkən S.Nəsirovanın ayağı sürüşərək çaya düşməsi ehtimal edilir.
Cəsəd müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.