Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş-2019” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş tədbirlər nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən Yuxarı Salamabad kənd sakini Elçin Hüseynov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətində aqrotexniki qaydada qulluq etdiyi çəkisi 1 kiloqram 735 qram olan, 20-65 santimetr uzunluqda 42 ədəd narkotik tərkibli çətənə bitkisi, eləcə də istifadə etmək məqsədilə saxladığı çəkisi 1 kiloqram 705 qram olan 6 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.