Polis əməkdaşları narkotiklərə qarşı qətiyyətli tədbirləri uğurla davam etdirirlər. Ötən gün bu istiqamətdə keçirilən tədbirlər nəticəsində 4 kiloqrama yaxın yüksək təsiredici xüsusiyyətə malik narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.Bu haqda YeniAvropa-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalar nəticəsində onun Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əli Həmidov olduğu müəyyənləşib. Baxış zamanı onun üzərindən heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə polis əməkdaşları onda əlavə narkotik olmasını müəyyənləşdiriblər. Əməliyyat-axtarış tədbirləri ilə Ə.Həmidovun yaşadığı evin yaxınlığında kolluqda gizlətdiyi 2 kiloqramdan çox heroin də aşkarlanaraq götürülüb.
Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Arif İsmayılov saxlanılıb. Ondan 1 kiloqram 640 qram heroin götürülüb.
Masallı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Zöhrab Əzizovdan marixuana götürülüb. Onun evinə də baxış keçirilib və əlavə 125 qram marixuana, həmçinin lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş “İJ-16” markalı tüfəng götürülüb.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb.