logo

Bakıda Ümumdünya Gömrük Təşkilatının konfransı işə başlayıb

11:59 12-06-2019 | icon 2632
Bakıda Ümumdünya Gömrük Təşkilatının konfransı işə başlayıb

İyunun 12-də Bakıda, Heydər Əliyev Mərkəzində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) informasiya texnologiyaları konfransı və sərgisi keçirilir.

 YeniAvropa xəbər verir  ki, konfransın açılış mərasimində Azərbaycanın baş naziri Novruz Məmmədov prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubunu oxuyub.

Novruz Məmmədov ölkədə informasiya texnologiyalarının inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, dövlət başçısı bütün sahələr kimi bu sahəyə də böyük diqqət ayırır və Azərbaycanda bununla bağlı kifayət qədər işlər görülür. Dövlət Gömrük Komitəsi də informasiya texnologiyalarının inkişafına öz töhfəsini verən qurumlardandır.

O, qeyd edib ki, ÜGT-nin bu konfransının Bakıda keçirilməsi də informasiya texnologiyaları sahəsində Azərbaycanın uğurla irəlilədiyinin bariz nümunəsidir.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tədbirin vacibliyini diqqətə çatdıraraq vurğulayıb ki, elektron xidmətlər sırasında elektron gömrük Azərbaycanda ön sıralardadır. Bu istiqamətdə ciddi islahatlar aparılıb, şəffaflığın təmin edilməsi baxımından vacib işlər görülüb. Sahibkar-məmur münasibətlərinin minimuma endirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi baxımından da Gömrük Komitəsi mühüm nailiyyətlər əldə edib.

S.Mehdiyevin sözlərinə görə, ÜGT-nin informasiya texnologiyaları konfransı və sərgisi bu təşkilata üzv dövlətlərin gömrük xidmətlərinin informasiya texnologiyaları barədə fikir mübadiləsi aparması, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və gömrük xidmətlərinin təcrübələrinin bölüşməsi baxımından əhəmiyyət kəsb edir.

Qeyd edək ki, ÜGT-nin informasiya texnologiyaları konfransı və sərgisi iyunun 14-dək davam edəcək.