logo

Bakıda “TransCaspian” və “Road & Traffic” nəqliyyat sərgiləri açılıb

10:57 11-06-2019 | icon 3136
Bakıda “TransCaspian” və “Road & Traffic” nəqliyyat sərgiləri açılıb

İyunun 11-də Bakı Sərgi Mərkəzində XVIII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika - “TransCaspian 2019” və IX Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat - “Road & Traffic 2019” sərgiləri açılıb.

YeniAvropa xəbər verir  ki, açılış mərasimində çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə sərgilərin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, son illər Azərbaycanın nəqliyyat infrastrukturunda mühüm layihələr həyata keçirilir, ölkəmiz bir sıra beynəlxalq əhəmiyyətli trans-logistika layihələrinin iştirakçısıdır.

Nazir bildirib ki, “TransCaspian 2019” sərgisi Xəzəryanı regionun aparıcı nəqliyyat tədbirlərindən biri olmaqla yanaşı, dəmir yolu, nəqliyyat-logistika xidmətləri və kommersiya nəqliyyatı sahəsində əsas dövlət strukturları ilə kommersiya təşkilatlarını bir araya gətirib.

“Iteca Caspian” şirkətinin direktoru Edvard Stroon isə deyib ki, builki sərgidə 10 ölkədən 75 şirkət iştirak edir: “Bu il “TransCaspian” sərgisində Azərbaycan, Belarus, Rusiya, Türkiyə, Ukrayna və bir sıra digər ölkələri təmsil edən şirkətlər öz məhsul və xidmətlərini təqdim edir. Hər il sərgidə “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və digər aparıcı dövlət strukturları, həmçinin kommersiya şirkətləri iştirak edir. Bundan əlavə, sərgidə Belarusun Nəqliyyat və Kommunikasiya Nazirliyi ilk dəfə təmsil olunur”.

Sonra nazir Ramin Quluzadə və ziyarətçilər sərgi ilə tanış olublar.

Sərgilər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir. Sərgilərin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir.