"UAZ" və "Ford Sollers" birgə müəssisəsinin baş direktoru Adil Şirinov Rusiyanın yeni "Aurus" avtomobil brendinin istehsalçısı "Aurus" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri vəzifəsinə təyin edilib.
YeniAvropa "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Sənaye və Ticarət Nazirliyinin məlumatında bildirilir. Qeyd edilib ki, Adil Şirinov iyunun 1-dən "Aurus" MMC-ının baş direktoru vəzifəsini icra edir. O, bu postda 2018-ci ildən şirkətə başçılıq edən Herhard Hilqerti əvəz edib.
Adil Şirinov 1964-cü ildə Bakıda doğulub. O, bu yaxınlarda "UAZ" və "Ford Sollers" birgə müəssisələrinin baş direktoru vəzifəsini icra etməyə başlayıb. Belə ki, Adil Şirinov mayın 23-də “Sollers” şirkətinin əsas aktivi olan Ulianovsk Avtomobil Zavodunun baş direktoru təyin olunub.
Nazirliyin məlumatında bildirilir ki, " Adil Şirinov Rusiyada avtomobil sənayesi sahəsində ən yaxşı kadrlardan biridir.Onun peşəkarlığı və biliyi Rusiyanın yeni avtomobil brendi olan "Aurus"un yeni mərhələdə inkişafına səbəb ola bilər".
Xatırladaq ki, "Aurus" brendi Rusiya prezidenti V.Putinin tapşırığına əsasən 2012-ci ildə Mərkəzi elmi-tədqiqat avtomobil və avtobomil motorları institutu tərəfindən yaradılıb. Modelin 4 növdə- sedən, yolsuzluq, miniven və limuzin tipli- avtomobilləri 2019-cu ildən artıq yerli və xarici bazarlarda satışa çıxarılması planlaşdırılır.