logo

5 ayda yarım milyon azərbaycanlı Gürcüstana səfər edib

23:15 08-06-2019 | icon 2954
5 ayda yarım milyon azərbaycanlı Gürcüstana səfər edib

2019-cu ilin yanvar-may aylarında əcnəbilər Gürcüstanı təxminən 3 milyon dəfə ziyarət ediblər, onlardan 1.7 milyonu turist səfərləri olub.

YeniAvropa xəbər verir  ki, bu barədə “Sputnik Georgia” ölkənin Milli statistika komitəsinə istinadən məlumat yayıb.Qarşıdan gələn turizm mövsümündə isə Gürcüstana səfər edəcək əcnəbilərin sayının daha da artacağı gözlənilir. Artıq həftə ərzində bu ölkəyə təyyarə reyslərinin sayı 590-a çatıb.

Mənbə qeyd edir ki, Gürcüstanda turistləri ən çox cəlb edən qiymətlərdir. Bu ölkəyə edilən səfərlərin sayına görə Rusiya liderlik edir. İlin ilk 5 ayında Rusiya vətəndaşı 540 min dəfə Gürcüstana səfər edib ki, bu da 2018-ci ilin eyni dövründəkindən 31,4 faiz çoxdur. Vətəndaşları ən çox Gürcüstana səfər edən ilk beş ölkə sırasında Azərbaycan ikinci yerdədir. Bundan başqa, Ermənistan, Türkiyə və Ukrayna vətəndaşları da Gürcüstanda istirahətə üstünlük verirlər.

Turistlərin əksəriyyəti pullarını qida və içkilərə, həmçinin kirayə və əyləncələrə sərf edirlər. Çox az hallarda isə qiymətli əşyalara pul xərcləyirlər.

Araşdırmalara görə, son dövrlər əcnəbilər Gürcüstana gəzinti üçün orta hesabla 890 lari (təxminən 324 dollar) xərcləyirlər. Bu ötən ilin birinci rübündə xərclənən məbləğdən 16,1 faiz çoxdur.

2025-ci ilədək ölkə xaricindən Gürcüstana 11 milyon qonağın gəlməsi gözlənilir. Eyni zamanda, turizm gəlirlərinin ən azı 6,7 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır.