logo

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu təşkil edilib

19:42 08-06-2019 | icon 3276
Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu təşkil edilib

23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının dəstəyi, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin iştirakı ilə iş adamları arasında biznes dialoq keçirilib.

 YeniAvropa xəbər verir  ki, Ş.Mustafayev Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının biznes dairələri arasında əlaqələrin genişləndirilməsində önəmini qeyd edib. Ticarət əlaqələrinin Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının əsas istiqamətlərindən olduğunu vurğulayan nazir Rusiyanın ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğunu və qeyri-neft məhsullarının ixracına görə birinci yeri tutduğunu diqqətə çatdırıb: “Ötən il Rusiya ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 19 faiz artaraq 2,5 milyard dollara çatıb. Bu ilin yanvar-aprel aylarında isə ticarət dövriyyəsinin 23 faizlik artımına nail olunub. Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Keçən il Rusiyanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin 43 faizi Azərbaycanın payına düşüb”.

“Ölkələrimiz arasında ticarət əlaqələrinin daha da genişləndirilməsi potensialı böyükdür və bu məqsədlə tədbirlər davam etdirilir. Belə ki, Rusiyada Azərbaycanın ticarət nümayəndəliyi fəaliyyət göstərir, ticarət evləri mexanizmi tətbiq olunur”, - deyə Ş.Mustafayev bildirib.

Nazir işgüzar əlaqələrin genişləndirilməsində iqtisadi-ticarət əməkdaşlığının aktual məsələləri üzrə İşçi Qrupunun, Bakıda açılmış Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin fəaliyyətini, bu ilin martında “Qazprombank”ın Azərbaycana investisiya imkanlarına dair keçirilmiş biznes seminarın önəmini qeyd edib. Bununla yanaşı, Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid stendi ilə Rusiyada keçirilən “Worldfood”, “Prodexpo”, “MosBuild 2019” sərgilərində nümayiş olunub, Rusiyaya ixrac missiyaları təşkil edilib, ötən ilin mayında Həştərxanda Azərbaycan İş Mərkəzi açılıb. Bu il Sankt-Peterburq və Yekaterinburq şəhərlərində 2 Azərbaycan şərab evinin açılması gözlənilir.

“Bundan başqa, hazırda Rusiyada “Azərbaycan nemətləri” mağazalar şəbəkəsinin yaradılması layihəsi həyata keçirilir. Layihə çərçivəsində ilk mağaza bu ilin martında Moskvada açılıb. Rusiyanın digər şəhərlərində də bu cür mağazaların açılması planlaşdırılır”, - deyə o qeyd edib.

Ş.Mustafayev deyib: “Ölkəmiz Rusiya ilə sənaye, investisiya sahələrində də səmərəli əməkdaşlıq həyata keçirir. Bu baxımdan, “SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə Avtomobil Zavodunun Rusiyanın “Kamaz” və “Ural” zavodları ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələrin həyata keçirilməsi qarşılıqlı sərmayə yatırılması sahəsində əhəmiyyət kəsb edir”.

M.Oreşkin Azərbaycan və Rusiyanın strateji tərəfdaşlar olduğunu, ölkələrimiz arasında yüksək səviyyəli siyasi-iqtisadi münasibətləri diqqətə çatdırıb, hazırda müxtəlif sahələrdə çoxşaxəli layihələri vurğulayıb.

Rusiyalı nazir qeyd edib ki, iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafı üçün böyük imkanlar var və bu müsbət meyilin gücləndirilməsi üçün səylər daha da artırılacaq, bu gün təşkil edilən biznes dialoq işgüzar əlaqələrin inkişafına öz töhfəsini verəcək.

O, ölkəsinin Azərbaycandan kənd təsərrüfatı məhsullarının ixracını artırmaq niyyətini diqqətə çatdırıb, iş adamlarını yaradılmış imkanlardan daha səmərəli istifadə etməyə dəvət edib.

Azərbaycan-Rusiya İşgüzar Şurasının idarə heyətinin sədri Səməd Qurbanov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Rusiya Prezidentinin sahibkarların hüquqları üzrə səlahiyyətli nümayəndəsi Boris Titov, AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik və digər şəxslər qarşılıqlı iqtisadi əməkdaşlığın əhəmiyyətini qeyd edib, əlaqələrin genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüblər.

İclas çərçivəsində biznes dairələri arasında əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.