logo

SOCAR “Tekfen”lə  yeni karbamid zavodunun tikilməsinə dair anlaşma memorandumu imzalayıblar

17:30 31-05-2019 | icon 3129
SOCAR “Tekfen”lə  yeni karbamid zavodunun tikilməsinə dair anlaşma memorandumu imzalayıblar

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyənin “Tekfen” şirkətlər qrupunun idarə heyətinin sədri Murat Gigin və şirkətlər qrupunun prezidenti Cahit Oklapın rəhbərlik etdikləri nümayəndə heyəti ilə görüşüb.

Şirkətdən YeniAvropa-ya bildirilib ki, görüş çərçivəsində R.Abdullayev və M.Gigin Azərbaycanda yeni Karbamid zavodunun tikilməsinə dair qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

SOCAR uğurla ərsəyə gətirdiyi mövcud Karbamid zavodunun tikintisində əldə etdiyi təcrübəyə əsaslanaraq Sumqayıtda gündəlik istehsal gücü 1200 ton ammonyak və 2000 ton karbamid həcmində olan yeni istehsalat obyektinin tikintisini nəzərdən keçirir. Memorandumda, həmçinin mövcud və yeni gübrə kompleksinin məhsullarının marketinqi üzrə əməkdaşlıq nəzərdə tutulur.

Sənədə əsasən, növbəti mərhələdə şirkətlər arasında işçi qrupu yaradılacaq və yeni zavodun inşası ilə bağlı yekun qərarın verilməsi üçün aşağıdakı məsələlər təhlil ediləcək:

• “Tekfen Contracting” Qrupuna daxil olan şirkətlərin sözügedən zavoddakı obyektlərin tikintisində EPC (mühəndislik, satınalma və inşaat-montaj) əsasında mümkün iştirakı;

• Tikiləcək obyektlərdə istehsal edilməsi planlaşdırılan və əlavə dəyər yaradacaq məhsulların marketinq, satış və paylanması işlərinin “Tekfen”in Türkiyə bazarında geniş diler şəbəkəsinə malik törəmə şirkəti “Toros Tarım” tərəfindən aparılması, yeni məhsulların inkişafı və dünyanın müxtəlif regionlarında bazara çıxarılması perspektivinin effektivliyi;

• Yeni kompleksin tikilib istifadəyə veriləcəyi dövr ərzində “Toros Tarım”ın mövcud “SOCAR Karbamid” zavodunda istehsal olunan məhsulların marketinqi, satışı və paylanmasında mümkün rolu;

• Yeni Karbamid zavodunda SOCAR və “Tekfen”in ortaq səhmdarlar qismində iştirak etməsi.

SOCAR bu gün şaquli inteqrasiya olunmuş çevik və yüksək rəqabət qabiliyyətli bir şirkət kimi neft və qaz sənayesinin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir. Son illərdə şirkət neft və qaz kimyası sənayesində fəaliyyətini əhəmiyyətli dərəcədə artırıb, Azərbaycanda polimer məhsulları və karbamid gübrəsinin istehsalı üzrə yeni zavodlar inşa edərək istismara verib. “SOCAR Polymer” və “SOCAR Karbamid” zavodları şirkətin dəyər zəncirində son halqalar olaraq öz xammalını SOCAR-ın digər müəssisələrindən əldə edir və bu sinerjidən böyük miqyasda əlavə dəyər yaranır. SOCAR Azərbaycanın gəlirlərinin artırılması və ölkədə yeni iş yerlərinin yaradılması məqsədi ilə yeni investisiya imkanlarını araşdırmaqda davam edir.