Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin Ağdam rayonu istiqamətində düşmən snayperinin açdığı atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun zabiti, mayor Omarov Aqil Akif oğlu mayın 31-də Qax rayonunun Lələpaşa kəndində torpağa tapşırılıb.
YeniAvropa xəbər verir ki, şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin rəsmiləri, şəhidin doğmaları, ictimaiyyətin nümayəndələri, kənd sakinləri iştirak ediblər.
Dəfn mərasimində çıxış edənlər şəhidin ailəsinə başsağlığı verib, torpaqlarımızın azadlığı uğrunda həlak olan qəhrəman oğullarımızın qanının yerdə qalmayacağını, tezliklə düşməndən qisas alınacağını bildiriblər.
Şəhidin nəşi yaylım atəşi altında torpağa tapşırılıb, məzarı üstünə əklil və qərənfillər qoyulub. Şəhidin tabutu üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim edilib.