Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Azərbaycan və Avropa İttifaqı ölkələri arasında nəqliyyat sektorunda əməkdaşlığın inkişafını və bir sıra layihələri müzakirə etmək məqsədilə Azərbaycanda səfərdədir. YeniAvropa -ya Nazirlikdən verilən məlumatda qeyd edilib ki, səfər çərçivəsində nümayəndə heyəti, eləcə də Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas Quba rayonunda səfərdə olublar. Nümayəndə heyəti Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Soyqırımı Memorial Kompleksini və ermənilərin xalqımıza qarşı həyata keçirdiyi kütləvi soyqırımı nəticəsində həlak olmuş insanların kütləvi məzarlığını ziyarət edib. Ziyarətçilərə 2007-ci ilin aprelində aşkarlanmış Quba kütləvi məzarlığı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, kütləvi məzarlıqdan əksəriyyəti uşaq, qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılıb.
Daha sonra ziyarətçilər Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olublar. Nümayəndə heyətinin rəhbəri Henrik Hololey Soyqırım Memorial Kompleksindəki Xatirə kitabına ürək sözlərini yazıb.
Eyni zamanda, nümayəndə heyəti “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialında olan qonaqlara Azərbaycan xalçaçılıq sənəti haqqında geniş məlumat verilib.