logo

IX sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsi keçiriləcək

19:22 30-05-2019 | icon 5355
IX sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 2-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsini keçirəcək.

DİM-dən YeniAvropa-ya bildirilib ki, həmin gün ümumilikdə 37 min 670 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. Bu şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim olunur. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd bakalavrların imtahan binasına buraxılış rejimini daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş bakalavrların əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- “İmtahana buraxılış vərəqəsi”;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Bu imtahanların keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 81 imtahan mərkəzi ayrılıb.

İmtahanda 37670 (Bakı şəhəri, Yasamal rayonunda 2739, Binəqədi rayonunda 4413, Səbail rayonunda 1659, Xətai rayonunda 3580, Xəzər rayonunda 3044, Nərimanov rayonunda 2299, Suraxanı rayonunda 3110, Sabunçu rayonunda 4948, Nəsimi rayonunda 2269, Qaradağ rayonunda 2258, Nizami rayonunda 2496, Pirallahı rayonunda 388, Naxçıvan Muxtar Respublikasında 3461, Şirvan şəhərində 1006) nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 81 ümumi imtahan rəhbəri, 248 imtahan rəhbəri, 2978 nəzarətçi‑müəllim, 265 buraxılışı təşkil edən əməkdaş, 81 bina nümayəndəsi ayrılıb.

Hazırda qeyd olunan rayonlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar təşkil olunur. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə iyunun 1-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.