Ötən cümə günü Romanın Via Alessandrina küçəsindəki Forum ətrafında aparına arxeoloji qazıntılar nəticəsində Qədim Roma tanrısı olan Dionisin ağ mərmərdən hazırlanmış başı aşkarlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə İtaliyada dərc olunan “Gaeditoria” nəşri məlumat yayıb. Xəbərdə bildirilib ki, Romanın bu hissəsində qazıntı işləri Azərbaycan hökumətinin təqdim etdiyi 1 milyon avro vəsait hesabına başlayıb.
Mənbə bildirir ki, sponsorluq müqaviləsi 2014-cü ilin iyul ayının 15-də Romanın keçmiş meri İqnasio Marino və Azərbaycan prezidenti İlham Əliyev arasında imzalanıb. “Azərbaycan xalqının dəstəyi ilə və bu gün cəlb etdiyimiz sponsorluq sayəsində Romanın tarixi və incəsənət tarixi daha da zənginləşdi, - tapıntı aşkarlandıqdan sonra Marino özünün “Facebook” səhifəsində yazıb. – Bu, bütün bəşəriyyətə məxsus tapıntıdır”.
Romanın hazırkı meri Virciniya Raci də bu hadisə ilə bağlı fikirləri ilə bölüşüb. O, “Facebook” səhifəsində yazıb: “Mən bir daha Kapitoli Baş İdarəsinin arxeoloqlarına və Via Alessandrinada qazıntı işlərinin başlanması üçün 1 milyon avro ianə etmiş Azərbaycan Mədəniyyət Nazirliyinə minnətdarlığımı bildirirəm”. ("Virtualaz.org")