logo

Dövlətə məxsus hüquqi şəxslərdə Apellyasiya şuraları yaradılıb

11:59 27-05-2019 | icon 3584
Dövlətə məxsus hüquqi şəxslərdə Apellyasiya şuraları yaradılıb

Prezident İlham Əliyevin 2019-cu il 6 may tarixli fərmanı ilə dövlətə məxsus olan hüquqi şəxslərdə Apellyasiya şuralarının yaradılmasına dair mayın 27-də Bakı Biznes Mərkəzində müşavirə keçirilib.

YeniAvropa xəbər verir  ki, müşavirədə dövlətə məxsus olan hüquqi şəxslərdə yaradılmış Apellyasiya şuralarının sədrləri və katibləri iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının sədri, Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev tədbirdə çıxış edərək bildirib ki, bu il mayın 6-da prezident İlham Əliyev sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılmasında şəffaflığın, obyektivliyin və operativliyin təmin edilməsi, bu sahədə çalışan şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə dövlətə məxsus olan hüquqi şəxslərdə Apellyasiya şuralarının yaradılması ilə bağlı fərman imzalayıb.

O,qeyd edib ki, fərmana əsasən, dövlətə məxsus hüquqi şəxslərdə Apellyasiya şuraları yaradılıb. Bu hüquqi şəxslərin dairəsi kifayət qədər genişdir. Buraya həm dövlətin yaratdığı, dövlətə məxsus şirkətlər, səhmdar cəmiyyətləri, kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri, o cümlədən publik hüquqi şəxslər daxildir. Təsisatın yaradılması dövlət başçısının sahibkarlara, sahibkarlıq fəaliyyətinə göstərdiyi diqqətin təzahürüdür. Bu, eyni zamanda, onların hüquqlarının qorunması, qanuni mənafelərinin müdafiə olunması üçün əlavə təminatdır.

Apellyasiya şuraları yeni iqtisadi şəraitdə dövlət siyasətinə uyğun olaraq, çox vacib funksiyaları, sahibkarlığa dövlət dəstəyinin göstərilməsini həyata keçirən qurumdur. Bu funksiyalar sahibkarlığın təşviqi, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin hüquqlarının müdafiəsi, hüquqi şəxslərin qərarlarından, hərəkət və hərəkətsizlyindən şikayət vermə mexanizminin təkmilləşdirilməsindən ibarətdir. Həmin vəzifələrin icrası ölkədə sistemli şəkildə həyata keçirilən islahatların, antikorrupsiya siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, sivil biznes mühitinin formalaşmasına, qayda pozuntularının aradan qaldırılmasına, sahibkarlığın, iqtisadiyyatın davamlı inkişafına müsbət təsir göstərəcək.

Müşavirədə qarşıda duran vəzifələrin icrası, dövlətə məxsus olan hüquqi şəxslərdə yaradılmış şuraların fəaliyyətinin prezident yanında Apellyasiya Şurası ilə əlaqələndirilməsi, şuralarda işin günün tələblərinə uyğun şəkildə qurulması və işgüzar əməkdaşlığın yaradılması barədə söhbət açılıb.

Sonra Azərbaycan Respublikasının prezidenti yanında Apellyasiya Şurasının üzvləri müşavirə iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.