logo

Qusara gələn turistlərin sayında 3-4 dəfə artım var

12:18 30-01-2018 | icon 2093
Qusara gələn turistlərin sayında 3-4 dəfə artım var

Şimal bölgəsinə qarın yağması bölgəyə gələn turistlərin sayına ciddi təsir edib. YeniAvropa xəbər verir  ki, son üç gündə Qusar rayonuna adi günlərlə müqayisədə 3-4 dəfə çox turist gəlib. Qusar Turizm İnformasiya Mərkəzindən bildirilib ki, rayondakı otel və qonaq evlərinin 90 faizi əvvəlcədən sifariş edilib. Yerli turistlərin sayının çoxalmasına səbəb rayonun ağ örpəyə bürünməsi ilə yanaşı, hazırda təhsil müəssisələrində qış tətilinin olmasıdır.

Qusarda yerləşən “Şahdağ” Turizm Mərkəzinə gələn qonaqların sayında da artım müşahidə olunub.Kompleks həftəiçi hər gün 600-1000 arası qonaq qəbul edir. Şənbə-bazar günlərində isə bu rəqəm 2500-3500 nəfərədək yüksəlir. Otellərdə yer tapa bilməyən turistlər isə ev turizmi ilə məşğul olan yerli sakinlərə müraciət edirlər. Qusarda evlərin bir gün üçün kirayə qiyməti şəraitindən asılı olaraq 20-100 manat arasında dəyişir. Mərkəzdə qeydiyyatdan keçən bu evlərin bir çoxunda qonaqlara ödəniş müqabilində gündə 3 dəfə yemək təqdim olunur.

Turizm İnformasiya Mərkəzindən bildirilib ki, rayona gələn əcnəbi turistlər arasında Rusiya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən olanlar üstünlük təşkil edir. Xarici qonaqlar ekoturizmə daha çox maraq göstərirlər.

Havanın qarlı, məktəblilərin də qış tətilində olması səbəbindən hələ yaxın bir neçə gündə də bölgəyə turist axınının olacağı proqnozlaşdırılır.