logo

“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur

12:10 25-05-2019 | icon 3507
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur

Çinin Şandun vilayətinin Çindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) təmsil olunan ölkələrin iştirakı ilə beynəlxalq investisiya və ticarət sərgisi, paralel olaraq ŞƏT-in regional iqtisadi və ticarət əməkdaşlığı forumu işə başlayıb.

 YeniAvropa xəbər verir  ki,  Çin Beynəlxalq Ticarət Palatasının, Çindao Şəhər Xalq Hökumətinin birgə təşkilatçılığı, ŞƏT katibliyinin dəstəyi ilə keçirilən sərgi-forumun açılış mərasimində çıxış edən vilayətin vitse-qubernatoru Ren Ayrun və Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Vladimir Norov bu cür tədbirlərin qurumda təmsil olunan ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərdiyini bildiriblər. Qeyd olunub ki, liman şəhəri olan Çindao Çinin ŞƏT ölkələri ilə əlaqələrində xüsusi rol oynamağa başlayıb. Ötən il Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşünə uğurlu ev sahibliyindən sonra Çindaoda Çin-ŞƏT azad ticarət zonasının yaradılmasına başlanılıb. Bundan başqa, cari ildən başlayaraq hər il Çindaoda ŞƏT beynəlxalq investisiya və ticarət sərgi-yarmarkasının, Şanxay Əməkdaşlıq Təşkilatının regional iqtisadi və ticarət əməkdaşlığı forumunun keçirilməsi qərara alınıb.

Üç gün davam edəcək sərgi-yarmarkanın ümumi sahəsi 10 min kvadratmetr olan ekspozisiya sahəsində İqtisadiyyat Nazirliyinin və Azərbaycanın Çindəki səfirliyinin dəstəyi ilə bu ölkədəki ticarət nümayəndəliyimizin təşkil etdiyi iki Azərbaycan pavilyonu fəaliyyət göstərir. Birinci pavilyonda ölkəmizin iqtisadi inkişafına, əlverişli investisiya və biznes mühitinə, Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən regional nəqliyyat-tranzit layihələrə, o cümlədən Avropa ilə Çin arasında ən qısa dəmir yolu bağlantısını təmin edən Bakı-Tbilisi-Qars layihəsi, Bakı Dəniz Ticarət Limanı də daxil olmaqla Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə, Azərbaycandakı sənaye parklarında xarici investorlar üçün yaradılan şəraitə dair əyani vəsaitlər, müxtəlif nəşrlər sərgilənir, videoçarxlar nümayiş olunur.

İkinci pavilyonda isə "Made in Azerbaijan" brendi ilə istehsal olunan ixracyönümlü və rəqabətqabiliyyətli məhsullar – şərab və digər spirtli içkilər, quru meyvələr, zəfəran, mineral sular, meyvə şirələri, çay, mürəbbələr təqdim edilir. Xüsusi vurğulamaq lazımdır ki, sərgidə Azərbaycan məhsullarını şirkətlərimizin bu ölkədəki nümayəndəlikləri ilə yanaşı, onların Çindəki tərəfdaşları, Azərbaycan məhsullarının idxalçıları, habelə Lucou şəhərindəki "Azərbaycan Ticarət Evi" vasitəsi ilə nümayiş olunur.

Sərgi çərçivəsində Azərbaycan məhsullarının Çinə ixracının genişləndirilməsi məqsədilə yerli sahibkarlarla görüşlər keçirilir. Ziyarətçilərə Azərbaycanın turizm potensialı, ölkəmizdə müasir tələblərə cavab verən turizm mərkəzlərinin fəaliyyətindən haqqında məlumat verilir.

ŞƏT regional iqtisadi və ticarət əməkdaşlığı forumunda çıxış edən Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu "Bir kəmər, bir yol" təşəbbüsünü fəal iştirakçısı olan Azərbaycanın bu strategiyanın həyata keçməsinə özünün iqtisadi potensialı ilə hərtərəfli dəstək verdiyini deyib. Bildirib ki, ötən ay Pekində 2-ci "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumunda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı bu dəstəyin ən böyük göstəricisidir.

Azərbaycanın son illər qazandığı iqtisadi nailiyyətləri barədə məlumat verən T.Nadiroğlu deyib ki, Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və 10 ən islahatçı ölkə sırasına daxil edilib. Son 15 ildə iqtisadiyyata 250 milyard ABŞ dolları sərmayə yatırılıb ki, bunun da 100 milyard dolları birbaşa xarici sərmayədir.

Tədbirdə davamlı inkişaf edən Azərbaycan-Çin iqtisadi əməkdaşlığından da söz açılıb. Qeyd olunub ki, hazırda Çində Azərbaycanın bir neçə ticarət və şərab evi fəaliyyət göstərir. Azərbaycan şirkətləri Çində keçirilən sərgilərdə fəal iştirak edir.