logo

“Star” NEZ ilin sonunadək 8 milyon ton xam məhsul emal edəcək

16:28 21-05-2019 | icon 3031
“Star” NEZ ilin sonunadək 8 milyon ton xam məhsul emal edəcək

SOCAR-ın İzmirin Əliağa rayonunda inşa etdiyi “Star” neft emalı zavodu (NEZ) ilin sonuna kimi 8 milyon ton xam məhsul emal edəcək.

YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə “Star” neft emalı zavodunun baş direktoru Mesut İlter deyib.

Onun sözlərinə görə, zavodda sınaq mərhələləri uğurla başa çatıb: “Bu ilin sonuna qədər 8 milyon ton xam məhsul emal etməyi planlaşdırırıq. NEZ qısa müddətdə tam gücü ilə işləyəcək”.

M.İlter zavodda bu günə qədər İran nefti emal etmədiklərini də bildirib.

Qeyd edək ki, “Star” zavodunda ildə 5 milyon ton dizel yanacağı, 1,6 milyon ton təyyarə yanacağı, 1 milyon ton qarışıq ksilen/reformat, mayeləşdirilmiş neft-qaz (LPG), neft koksu və kükürd istehsal ediləcək. Layihənin ümumi sərmayə qoyuluşu 6,3 milyard dollar təşkil edir ki, bunun 90 faizi artıq investisiya olunub. 2021-ci ilədək başa çatacaq investisiya ilə “Star”ın ümumi tutumu artırılacaq. Sonda investisiya ümumilikdə 7 milyard dollara çatacaq.

Ötən il oktyabrın 19-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə “Star” zavodunun açılış mərasimi olub. “Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan edilib. Zavod “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. “Star” Türkiyənin dizel yanacağı idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş neft-qazın idxal səviyyəsi də 70 faizə enəcək. Zavod Türkiyənin təyyarə yanacağına olan tələbatını tam ödəyəcək. “Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq.

SOCAR neft emalı zavodunun daha məhsuldar işləməsi üçün Əliağada bir neçə il əvvəl aldığı depolama müəssisəsinə 1300 milyon dollarlıq əlavə sərmayə yatıraraq onun tutumunu artırıb. Türkiyənin ilk neft-kimya müəssisəsi “Petkim”in xam maddə tələbatının demək olar ki, hamısını təmin edəcək “Star” NEZ yeni iş yerlərinin yaradılmasına da töhfə verəcək. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. “Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. NEZ ildə 500 milyon dollarlıq məhsul ixrac edəcək.