logo

Bakıda Asiya İnkişaf Bankının Regional Forumu keçirilir

10:11 21-05-2019 | icon 3059
Bakıda Asiya İnkişaf Bankının Regional Forumu keçirilir

Mayın 21-də Bakıda Asiya İnkişaf Bankının (ADB) Dövlət Borclarının İdarəedilməsinə dair Regional Forumu öz işinə başlayıb.

YeniAvropa xəbər verir  ki, forumda çıxış edən maliyyə naziri Samir Şərifov bankın ölkəmizdə maliyyələşdirdiyi enerji, infrastruktur layihələrinin əhəmiyyəti və icra vəziyyətindən, ikitərəfli əməkdaşlığın əhəmiyyətindən söhbət açıb. O, Asiya İnkişaf Bankının Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinə həm birbaşa, həm də ADB-nin zəmanəti ilə sindikatlaşdırılmış kreditlərin ayrıldığını deyib. Bildirib ki, Azərbaycan qazının 2020-ci ildə qitəyə çatdırılacağı gözlənilir.

S.Şərifov Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunduğunu, yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını bildirib. Deyib ki, son 15 ildə Azərbaycan iqtisadiyyatı çox yüksək templə inkişaf edib. ÜDM 3,3, sənaye istehsalı 2,6, ixrac 4,7, valyuta ehtiyatları isə 24 dəfə artıb. Nazir Azərbaycanda həyata keçirilən genişmiqyaslı sosial iqtisadi islahatlar proqramı və əldə edilmiş nailiyyətlər, ölkənin bank-maliyyə sisteminin möhkəmləndirilməsi görülən işlərdən danışıb.

Qeyd edib ki, ölkə başçısının tapşırığına əsasən, Azərbaycanın beynəlxalq maliyyə təşkilatlarının proqramlarında, o cümlədən Asiya İnkişaf Bankının Asiya İnkişaf Fondunda donor ölkə qismində iştirak edəcək.

ADB-nin maliyyə və risklərin idarə edilməsi üzrə vitse-prezidenti İngrid van Vees isə bankın ölkəmizlə uğurlu əməkdaşlığından, Azərbaycanda aparılan islahatları əhəmiyyətindən danışıb. O, Azərbaycanın sosial-iqtisadi göstəricilərinin qısa müddət ərzində yaxşılaşdırılmasını yüksək qiymətləndirib.

Forum işini panel iclaslarla davam etdirir.