logo

Bakıda problemli kreditlərin həlli mövzusunda konfrans işə başlayıb

11:12 20-05-2019 | icon 3206
Bakıda problemli kreditlərin həlli mövzusunda konfrans işə başlayıb

Mayın 20-də Bakıda "Four Season" hotelində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Koreya Respublikasının Azərbaycandakı səfirliyi və Koreya İnkişaf İnstitutu ilə birgə “Problemli kreditlərin həlli: Azərbaycan və Koreya təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçirir.

YeniAvropa xəbər verir  ki, konfransın məqsədi problemli kreditlərin həlli üzrə institusional mexanizmin yaradılmasına dair Koreya hökumətinin təcrübəsi, eləcə də “Fiziki şəxslərin xarici valyutada olan problemli kreditləri üzrə üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək” üçün prezident İlham Əliyev tərəfindən imzalanan fərmanın icrasına dair Azərbaycan təcrübəsi barədə təqdimatların keçirilməsi və müvafiq müzakirələrin aparılmasıdır.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı problemli kreditlərin həlli üzrə beynəlxalq təcrübəni və Azərbaycan modelini müqayisə edərək bildirib ki, Koreya Aktivlərin İdarəedilməsi Fondu (KAMCO) tərəfindən 1997-ci il Asiya Maliyyə Böhranının neqativ nəticələrini (böyük korporasiyaların müflisləşməsi, Koreya vonunun məzənnəsinin dəyərdən düşməsi, böyük həcmdə problemli kreditlərin yaranması) həll etmək məqsədilə Problemli Kreditlərin İdarəedilməsi Fondu yaradılıb.

Onun sözlərinə görə, Problemli Kreditlərin Həlli Strategiyası çərçivəsində müxtəlif maliyyə metodlarından - girov, beynəlxalq hərrac, aktiv zəmanətli qiymətli kağızlar, birləşmə, satınalma və birgə müəssisə yaradılması üsullarından istifadə edilib. Avropada problemli kreditlərin həlli üzrə strategiya aşağıdakı istiqamətlərdə aparılır: Bankların daxili tədbirlərini gücləndirmək, toksik aktivlər üçün bazarı inkişaf etdirmək, məlumat assimetriyasının qarşısını almaq və aktivlərin idarə edilməsinə cavabdeh qurum yaratmaq, toksik aktivləri üçüncü tərəfə transfer etmək (birbaşa investorlar, aktivlərin idarə edilməsinə cavabdeh qurum və sair) və nəzarət orqanını gücləndirmək.

Konfrans çərçivəsində bir sıra ölkələrin problemli kreditlərə dair yanaşmaları səsləndirilib. Qeyd olunub ki, Azərbaycanda problemli kreditlərin həllinin beynəlxalq təcrübədən fərqli olaraq bir sıra xüsusiyyətləri var. Belə ki, problemin həlli daha qısa bir müddətdə oldu. Digər tərəfdən problemli krediti olan fiziki şəxslərin 90 faizdən çoxu qərarın əhatə dairəsinə düşdü. Bu, Azərbaycan modelinin güclü sosial xarakterini göstərir. Problemli kreditlərin həllini bütünlüklə dövlət öz üzərinə götürdü. Beləliklə, banklar və əhali yükdən azad oldu. Problemli kreditlərin həllindən sonra bank sektoru tamamilə yeni mərhələyə qədəm qoyub.