Xəzər rayonu Buzovna qəsəbəsində “Favorit” ticarət mərkəzində (keçmiş “Zuğulba Mall”) baş vermiş yanğın hadisəsində zərərçəkənlər var.
YeniAvropa xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib. Onun sözlərinə görə, hadisə yerinə 7 təcili yardım briqadası göndərilib. Tüstüdən zəhərlənmə ilə iki qadın və bir kişi Tibbi Klinik Mərkəzin taksikologiya şöbəsinə aparılıb, marketin bir əməkdaşı isə qıcolma diaqnozu ilə 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib.
Həyəcan keçirən bir neçə nəfərə isə yerində tibbi yardım göstərilib.
Bir qədər əvvəl isə Fövqəladə Hallar Nazirliyi Bakının Xəzər rayonunda fəaliyyət göstərən üçmərtəbəli ticarət mərkəzində baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, nazirliyin "112" qaynar xəttinə, üçmərtəbəli ticarət mərkəzinin zirzəmisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda binada tüstülənmə müşahidə edilir (açıq alov yoxdur). Binada olan insanlar təxliyə edilib.
Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.