logo

İndiyədək Azərbaycan ABŞ-a 8,2 milyard dollar investisiya yatırıb

11:15 17-05-2019 | icon 5285
İndiyədək Azərbaycan ABŞ-a 8,2 milyard dollar investisiya yatırıb

Bu vaxtadək ABŞ Azərbaycana 13,6 milyard dollar birbaşa, ölkəmiz isə Birləşmiş Ştatlara 8,2 milyard dollar portfel investisiyası yatırıb.

YeniAvropa xəbər verir  ki, bu barədə  mayın 17-də Bakıda keçirilən Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının IV iclasında çıxışı zamanı maliyyə naziri Samir Şərifov məlumat verib.

Nazir bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 860 milyon dollar olub. Bunun 530 milyon dolları ABŞ-a ixracın, 330 milyon dolları isə ölkəmizə idxalın hesabına formalaşıb.

Xatırladaq ki, iclasda iştirak etmək üçün ABŞ Dövlət Katibinin İqtisadiyyat və Biznes Məsələləri üzrə köməkçisinin birinci müavini Peter Haasın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib.

İclasda  Azərbaycan və Birləşmiş Ştatlar arasında iqtisadi tərəfdaşlığın mövcud vəziyyəti, komissiyanın 3-cü iclasından sonrakı dövrdə görülmüş işlər, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, investisiya imkanları, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, habelə turizm, vergi, gömrük, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, əmək məsələləri, əqli mülkiyyət və digər sahələrdə əməkdaşlığa dair məsələlər, eləcə əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunacaq.