Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İKT üzrə işçi qrupunun iclası başa çatıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mayın 15-də Bakıda işə başlayan ikigünlük iclasa Azərbaycan tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, İran tərəfindən Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini, Rabitə Tənzimləmə Qurumunun prezidenti Hüseyn Fallah Çoşaqani rəhbərlik edib.
İclas çərçivəsində iki ölkə arasında radio-televiziya yayımı, radiotezliklərin idarə olunması, rabitə infrastrukturu, poçt xidmətləri, startaplar, peyk xidmətləri və elektron təhlükəsizlik sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.
Sonda müzakirə olunan məsələlərin yekunlarına dair Protokol imzalanıb.
Qeyd edək ki, iki ölkənin nazirlərinin 2016-cı ilin oktyabrında Tehranda keçirilmiş görüşü zamanı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İKT üzrə işçi qrupunun yaradılması barədə qərar verilib. İşçi qrupunun birinci iclası 2017-ci ilin yanvarında Tehranda baş tutub.