logo

 9 ABŞ şİrkəti Bakıdakı kənd təsərrüfatı sərgİsində İştİrak edİr

11:30 16-05-2019 | icon 3024
 9 ABŞ şİrkəti Bakıdakı kənd təsərrüfatı sərgİsində İştİrak edİr

Doqquz ABŞ şirkəti  ötən gün Bakı Expo Mərkəzdə öz işinə başlayan 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") sərgisində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və ABŞ səfirliyinin birgə sponsorluq etdiyi pavilyonda öz məhsul və xidmətlərini təqdim edir.

YeniAvropa xəbər verir  ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumatda bildirilib.Qeyd edilib ki, "Brandt", "Soil Biotics", "Trece", "Grow More", "DTN", "Nelson & Pade, Inc", "Valent BioSciences", "Harvest Right" , eləcə də  "LLC və WCC International" şirkətləri ziyanvericilərə nəzarət və monitorinq məhsulları, gübrə, torpaq qatqıları, havaya nəzarət qurğuları, balıqçılıq və akvaponik avadanlıq və materiallar, qurutma avadanlıqları, habelə idxal-ixrac xidmətlərini təklif edirlər.

Məlumatda bildirilir ki, "Caspian Agro" sərgisindəki ABŞ pavilyonu ABŞ və yerli kənd təsərrüfatı şirkətləri arasında yeni biznes əlaqələrin təşviqinə dair ABŞ hökumətinin digər səylərinin davamıdır. Belə ki, bu səylər sırasına aprel ayında Çikaqoda keçirilmiş ilk ABŞ-Azərbaycan kənd təsərrüfatı forumu, Azərbaycan fermerləri və kənd təsərrüfatı biznesləri üçün ABŞ-a bir neçə tanışlıq səfərləri, Azərbaycan hökumət nümayəndələri üçün səfərlər, habelə yerli sahibkarlar üçün kənd təsərrüfatı təlimləri daxildir. Azərbaycan və Amerika şirkətləri arasında biznes əlaqələrin genişləndirilməsi Azərbaycanın sürətlə inkişaf edən kənd təsərrüfatı sektoruna dəstək ola biləcək faydalı texnologiyanı və avadanlığı təmin edə bilər. 

Qeyd edilib ki, USAID və ABŞ səfirliyi 20 ilə yaxındır ki, Azərbaycanla kənd təsərrüfatı sektorunda tərəfdaşlıq edərək hökumətin və vətəndaşların bu sektoru iqtisadiyyatın çiçəklənən və sabitləşdirici qüvvəsinə çevirmək səylərinə dəstək göstərirlər.Son beş ildə USAID ilə çalışan yerli kənd təsərrüfatı biznes strukturları 60 milyon ABŞ dolları həcmində ixracatlarını artırıb, habelə Avropa və Körfəz ölkələrində yüksək rəqabətli bazarlara çıxa biliblər. ABŞ və Azərbaycan biznes strukturları arasında əlaqələri təşviq etmək, daha çox ABŞ investisiyalarını cəlb etmək, və iqtisadiyyatın şaxələndirilməsi üçün Azərbaycan sahibkarlarının innovasiyalarını cəlb etmək məqsədilə USAID həm kənd təsərrüfatında, həm də digər sektorlarda hökumət və özəl sektorla tərəfdaşlığını genişləndirir.