logo

I rübdə Azərbaycanın xarici ticarət dövriyyəsi 8 milyard dollara çatıb

18:33 15-05-2019 | icon 2961
I rübdə Azərbaycanın xarici ticarət dövriyyəsi 8 milyard dollara çatıb

Cari ilin ilk üç ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri 155 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 95 ölkəyə məhsul ixrac olunub, 145 ölkədən isə idxal edilib.

 YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 7 milyard 979 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 4 milyard 843,4 milyon dollar, idxalın dəyəri 3 milyard 135,6 milyon dollar təşkil edib, nəticədə 1 milyard 707,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 15,7 faiz, o cümlədən idxal 43,1 faiz, ixrac 3 faiz artıb. Real ifadədə dövriyyə 6,4 faiz, o cümlədən idxal 13,7 faiz, ixrac 3 faiz çoxalıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 31,2 faizini İtaliyaya, 11,3 faizini Türkiyəyə, 6,4 faizini Almaniyaya, 6,1 faizini Çinə, 5,8 faizini İspaniyaya, 5,6 faizini Hindistana, 4,7 faizini İsrailə, 3,5 faizini Gürcüstana, 3,3 faizini Çexiyaya, 3,2 faizini Portuqaliyaya, 2,8 faizini Rusiyaya, 2,6 faizini Avstriyaya, 2 faizini Yunanıstana və qalan 11,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 14 faizi Rusiya, 13,1 faizi İsveçrə, 9,8 faizi Türkiyə, 8,7 faizi Çin, 7 faizi İran, 4 faizi Kanada, hər biri 3,9 faiz olmaqla Almaniya və Avstraliya, 3,6 faizi ABŞ, 3,1 faizi Ukrayna, 2,6 faizi İtaliya, hər biri 2 faiz olmaqla Belarus və Qazaxıstan, 22,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.