İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə mayın 15-də Bakıda Azərbaycan-Avstriya biznes forumu keçirilib.
YeniAvropa xəbər verir ki, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, tekstil, logistika və digər sahələrdə fəaliyyət göstərən 70-dək iş adamı iştirak edib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, tədbirdə Ticarət və Sənaye Palatasının rəhbəri Niyaz Əlizadə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Avstriyanın Türkiyə, Azərbaycan və Gürcüstan regionu üzrə xarici iqtisadi əlaqələr nümayəndəsi Georg Karabaczek Azərbaycan-Avstriya iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanları barədə danışıb, iş adamlarını mövcud potensialdan yararlanmağa dəvət edib.
Sonra Azərbaycanın biznes və investisiya mühiti, Avstriya iqtisadiyyatı haqqında təqdimatlar keçirilib.
Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlıq məsələləri müzakirə olunub.