logo

Ziya Məmmədovun qardaşı AzTU-ya prorektor təyin edilib

13:35 14-05-2019 | icon 2667
Ziya Məmmədovun qardaşı AzTU-ya prorektor təyin edilib

Təhsil nazirinin əmri ilə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib. 

YeniAvropa xəbər verir  ki, bu barədə AzTU-dan məlumat verilib. Bildirilib ki, Universitetin rektor əvəzi, professor Xalıq Yahudov ali təhsil ocağında yeni təsis edilən Strateji inkişaf üzrə prorektor vəzifəsinə təyin olunan Elton Məmmədovu kollektivə təqdim edib.

Qeyd edək ki, E.Məmmədov 1954-cü ildə Ucar rayonunda anadan olub. 2007-ci ildə “Maye yanacaqların istilik-fiziki xassələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2013-cü ildə “Neft sənayesinin ekoloji və texniki problemlərinin nanotexnoloji aspektləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi alıb.

Elton Məmmədov 2007-ci ildən AzTU-nun “Neft sənayesinin texnoloji, ekoloji problemləri və nanokompozitlərin tədqiqi və tətbiqi” elmi-tədqiqat laboratoriyasının rəhbəri kimi yerli və beynəlxalq əhəmiyyətli layihələrin müəllifi olub və bu layihələrə rəhbərlik edib. Laboratoriyada Azərbaycanın müxtəlif regionlarından götürülmüş neft məhsullarının və lay sularının intensiv analizi və tədqiqi aparılır.

Elton Məmmədov 3 çağırış Milli Məclisə deputat seçilib.

18 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə  "Şöhrət" ordeni ilə təltif edilib.