Hüquq müdafiəçis Oqtay Gülalıyevin “Facebook” sosial şəbəkəsində özünəməxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə həqiqəti əks etdirməyən məlumatları yaymaqla ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn, eləcə də cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlərin üzərinə kölgə salmağa xidmət edən hərəkətlərə yol verməsi Baş prokurorluqda aparılmış araşdırmalarla müəyyən olunub.
YeniAvropa xəbər verir ki, bu haqda Baş prokurorluğun yaydığı məlumatda bildirilir. Xəbərdə qeyd edilir ki, bununla əlaqədar O.Gülalıyev Baş brokurorluğa dəvət edilib. Ona “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirmə aparmadan, real faktlara əsaslanmayan və ictimai rəyi çaşdırmaq məqsədi güdən həmin məlumatların yayılmasını gələcəkdə davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.