Yanvar-mart aylarında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə təqribən 8 milyon tondan çox (61 milyon barrel) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 74 tankerə yüklənib.
YeniAvropa xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, rüb ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən 25 milyon dollar, əsaslı xərclərə isə təqribən 6 milyon dollar sərf olunub.
1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan bu ilin ilk rübünün sonunadək BTC ilə ümumilikdə təqribən 425 milyon ton (təxminən 3,2 milyard barrel) xam neft nəql olunub və Ceyhan limanında 4 min 159 tankerə yüklənərək dünya bazarına göndərilib.
Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
“BTC Co.”nun səhmdarları belədir: BP (30,1 faiz), “AzBTC” (25 faiz), “Chevron” (8,9 faiz), “Equinor” (8,71 faiz), TPAO (6,53 faiz), “Eni” (5 faiz), “Total” (5 faiz), “Itochu” (3,4 faiz), “Inpex” (2,5 faiz), “ExxonMobil” (2,5 faiz) və “ONGC (BTC) Limited” (2,36 faiz).