Mayın 12-də "Buta Airways" loukost aviaşirkəti Bakıdan Rusiyanın daha bir şəhərinə - Ufaya birbaşa uçuşlara başlayıb.
YeniAvropa xəbər verir ki, aviareyslər cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Bu istiqamətə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edir. Aviabiletləri aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə), həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür.
Lou-kost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarənin göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.
10 kiloqramdək çəkisi olan əl yükü, çəkisi 23 kiloqramadək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək olar.
Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.