Polis əməkdaşlarının mayın 10-da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Bakıxanov qəsəbəsində yaşayan əvvəllər oğurluq, soyğunçuluq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş R.Mürsəlovun yaşadığı evdə keçirdikləri əməliyyat tədbiri nəticəsində oradan 3 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
R.Mürsəlovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 8-də Bakı şəhər sakini M.Abdullayevanın içərisində 120 manat və sənədləri olan pulqabısını soyğunçuluq yolu ilə alması da müəyyənləşdirilib.
Astara rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Astara şəhər sakini, əvvəllər narkotkiklərlə bağlı cinayətə görə məhkum olunmuş M.Əliyev saxlanılıb. Ondan çəkisi 6,2 kiloqram tiryək götürülüb.
Ağcabədi rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə ilə tutulmuş rayon sakini X.Qarayevə narkotiki satmaqda şübhəli bilinən Beyləqan rayon sakini E.Məmmədov saxlanılıb. Onda 1,3 kiloqrama yaxın marixuana aşkarlanıb.
Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Qaratəpə kənd sakini M.Qasımovun həyətyanı sahəsində keçirdikləri əməliyyat tədbiri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 13 çətənə kolu aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.