Yanvarın 28-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirilir. YeniAvropa xəbər verir ki Dövlət İmtahan Mərkəzi (DİM) və Vəkillər Kollegiyası tərəfindən keçirilən imtahan saat 11:00-da başlayıb. Namizədlər Bakı Dövlət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin binalarında imtahan verirlər.
İmtahanın idarə edilməsinə 19 imtahan rəhbəri və 192 nəzarətçi-müəllim cəlb olunub. Nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. İmtahan zallarında namizədlər üçün zəruri şərait yaradılıb. İmtahan vaxtının düzgün idarə olunması üçün hər bir zal saatla təmin edilib. Binaların girişlərində buraxılış rejiminin operativliyinin təmin edilməsi və imtahan iştirakçılarının şəxsiyyətinin müəyyənləşdirilməsi üçün “barkod-skaner”lər quraşdırılıb.
İmtahanda iştirak etmək üçün 1964 namizəd qeydiyyatdan keçib. Namizədlərə qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunur. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə imtahanda məntiqə dair suallardan istifadə edilməyib.
Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. İmtаhаn nəticəsində ümumi bаlı 60 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə - şifahi müsahibəyə buraxılacaqlar.
İmtahanın şəffaflığının təmin edilməsi məqsədilə bir çox yerli və beynəlxalq, habelə dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub, KİV nümayəndələrinin iştirakı təmin olunub.