logo

Azərbaycan Çində keçirilən Dünya Limanlar Konfransında təmsil olunur

16:11 08-05-2019 | icon 3185
Azərbaycan Çində keçirilən Dünya Limanlar Konfransında təmsil olunur

Çinin Quancou şəhərində Beynəlxalq Limanlar Assosiasiyasının (IAPH) illik Dünya Limanlar Konfransı keçirilir.

YeniAvropa xəbər verir  ki, 50 ölkədən minədək nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı "Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı" QSC-nin baş direktoru Taleh Ziyadovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Konfransda yeni texnologiyaların tətbiqi ilə limanların davamlı inkişafı, Çinin "Bir kəmər, bir yol" strategiyası çərçivəsində limanların əməkdaşlığı məsələləri müzakirə olunur.

Açılış mərasimində çıxış edən IAPH-ın prezidenti Santyaqo Qarsia Mila bildirib ki, illik konfransın Çində keçirilməsi "Bir kəmər, bir yol" layihəsinin uğurla davam etməsi və dünya ticarətinə verdiyi müsbət töhfə ilə bağlıdır.

O, ötən il Bakıda keçirilən Dünya Limanlar Konfransının yüksək səviyyədə təşkilatçılıq və maraqlı müzakirələrlə yadda qaldığını qeyd edib. Bildirib ki, rekord sayda iştirakçının qatıldığı Bakı konfransı "Bir kəmər, bir yol" strategiyasının orta dəhlizinin artan əhəmiyyətindən xəbər verir.

"Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı" QSC-nin baş direktoru T.Ziyadov çıxışında bildirib ki, Avrasiya məkanında mühüm geostrateji mövqedə yerləşən və geniş ticarət əlaqələri olan Azərbaycanın sahib olduğu nəqliyyat-logistika imkanları, o cümlədən Bakı Limanı "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində vacib rol oynayır.

T.Ziyadov diqqətə çatdırıb ki, Çindən yollanan yüklər 6 gün ərzində Bakı Limanına çatır və buradan qısa müddətdə Avropaya çatdırılır: “Bakı Limanı təkcə Çindən Avropaya ən qısa və təhlükəsiz yol kimi yox, əks istiqamətdə də yüklərin çatdırılmasında mühüm rol oynamaq, regionun vacib nəqliyyat və paylaşma mərkəzi olmaq niyyətindədir”.

Qeyd edək ki, mənzil-qərargahı Tokioda olan IAPH 90 ölkənin təqribən 180 limanını və limanlarla əlaqəsi olan 140 müəssisəsini təmsil edir. Təşkilatın üzvləri dünya dəniz ticarətinin 60 faizindən çoxunu həyata keçirir, beynəlxalq konteyner marşrutlarının 80 faizinə nəzarət edirlər. Qurumun illik konfransları 2013-cü ildə Los-Anceles, 2014-cü ildə Sidney, 2015-ci ildə Hamburq, 2016-cı ildə Panama və 2017-ci ildə Bali kimi böyük liman şəhərlərində keçirilib. Beynəlxalq Limanlar Assosiasiyasının ötən il Bakıda keçirilən konfransında 65 ölkədən 400-dən çox qonaq iştirak etmişdi.