logo

İrandan Azərbaycana narkotik vasitə keçirmək istədilər

11:07 08-05-2019 | icon 2646
İrandan Azərbaycana narkotik vasitə keçirmək istədilər

Gömrükçülər narkotik vasitə və psixotrop maddə aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən  YeniAvropa-ya bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı onun üzərində gömrük nəzarətindən gizlədilmiş, şəffaf rəngli sellofana bükülü 3 ədəd bağlama aşkarlanıb. Həmin bağlamalara baxış zamanı 1 ədəd bağlamada qablaşdırılması ilə birlikdə çəkisi 22 qram təşkil edən qara rəngli narkotik vasitə - tiryək, 1 ədəd bağlamada qablaşdırılması ilə birlikdə çəkisi 70 qram təşkil edən ağ rəngli, kristal formada psixotrop maddə - metamfetamin və 1 ədəd bağlamada isə qablaşdırılması ilə birlikdə çəkisi 77 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkar edilib.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.