logo

Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalının medalları ictimaiyyətə təqdim olunub

19:17 06-05-2019 | icon 2975
Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalının medalları ictimaiyyətə təqdim olunub

Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalının medalları mayın 6-da ictimaiyyətə təqdim olunub.

YeniAvropa xəbər verir  ki, mərasimdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Olimpiya Komitəsinin (AOK) Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki və digərləri iştirak ediblər.

Üzərində “Bakı 2019”un loqosu əks olunmuş qızıl, gümüş və bürünc medalların dizaynı Bakının irs və mədəniyyətini, eləcə də birlik və dostluq konsepsiyasını birləşdirən təsvirlərə əsaslanır. Medalda od və Azərbaycan paytaxtının müasir möhtəşəm memarlıq abidələrindən olan Alov qüllələrinin və Heydər Əliyev Mərkəzinin təsvirləri yer alıb. Medalın digər üzündə isə Avropa Olimpiya Komitəsinin emblemi əks olunub. Mükafatlar “Azərsuvenir” MMC tərəfindən “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin dizayn komandası ilə əməkdaşlıq şəraitində hazırlanıb.

Medalların dizaynından danışan gənclər və idman naziri Azad Rəhimov vurğulayıb: “Festivalın başlanmasına qısa vaxtın qaldığı dövrdə medalların təqdimatı çox önəmli hadisədir. Medallar festivalın üç vacib dəyərini - yenilik, keyfiyyət və şəffaflığı təcəssüm etdirir”.

Azad Rəhimov hədiyyə medal dəstini Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçkiyə təqdim edib.

Qeyd edək ki, iyulun 21-27-də keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında 135 mükafatlandırma mərasimi təşkil olunacaq. Yarışlarda idmançılar 298 medal dəsti uğrunda mübarizə aparacaqlar. Festivalda 3600-dən çox atlet idmanın on növü üzrə yarışacaq.