“Azərenerji” ASC Yunanıstan, Rumıniya və Macarıstana elektrik enerjisinin ixracına başlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə ASC-nin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib və uzun müddətdir ki, qonşu Rusiya, Gürcüstan, İran və Türkiyəyə elektrik enerjisi ixrac edir. Artıq mayın 1-dən “Azərenerji” Gürcüstan və Türkiyədən tranzit yolu ilə Yunanıstana, eyni zamanda, Gürcüstan, Türkiyə və Bolqarıstandan tranzit yolu ilə Rumıniya və Macarıstana elektrik enerjisinin ixracına başlayıb. May ayı üçün enerji idxalı ilə bağlı Yunanıstandakı hərracda 7, Bolqarıstandakı hərracda 5 şirkət iştirakçı olub ki, onların hər ikisində “Azərenerji” uğur əldə edib. ASC qarşıdakı aylarda Avstriya və İtaliyaya da elektrik enerjisi ixrac etməyi planlaşdırır.
“Azərenerji” ixrac imkanlarının artırılması ilə yanaşı, enerji sisteminin etibarlılığının təmin edilməsi, o cümlədən artan tələbatın qarşılanması üçün “Reabilitasiya Proqramı”na uyğun olaraq, itirilmiş güclərin bərpası və yeni generasiya güclərinin axtarılması istiqamətində fəaliyyətini davam etdirir.