Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin təhlükəsizliyinin təmin olunması və qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən YeniAvropa-ya bildiriblər ki, DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində 6 nəfər Nepal vətəndaşı tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
Mayın 3-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Biləsuvar kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd edən Nepal vətəndaşları - 1987-ci il təvəllüdlü Qana Dil Bahadur, 1994-cü il təvəllüdlü Bhote Mimanq, 1997-ci il təvəllüdlü Limbu Khim Şambhu, 2000-ci il təvəllüdlü Limbu Sacit, 1987-ci il təvəllüdlü Anqdembe Rom Kumar və 1985-ci il təvəllüdlü Qurung Dineş sərhəd pozucusu qismində saxlanılıblar.
Saxlanılan şəxslərin aprelin 22-25-də rəsmi qaydada Qətərdən Doha-Bakı reysi ilə Azərbaycan Respublikasına gəlmələri müəyyən olunub. Araşdırma zamanı Nepal vətəndaşları dövlət sərhədini pozaraq İrana, oradan isə Türkiyəyə və Avropa ölkələrinə keçmək niyyətində olduqlarını bildiriblər.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.