logo

FHN-dən Bakıda baş vermiş partlayış barədə

11:09 27-01-2018 | icon 3717
FHN-dən Bakıda baş vermiş partlayış barədə

Fövqaladə Hallar Nazirliyi Bakının mərkəzində, metronun “28 may” stansiyasının yaxınlığında baş vermiş partlayışla əlaqədar rəsmi məlumat yayıb. YeniAvropa xəbər verir  ki, nazirliyin yaydığı məlumatda deyilir: "Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri yaşayışdır) zirzəmisində yanğınla nəticələnən partlayış baş vermişdir. Nəticədə, binanın birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 500 m2 olan dəftərxana ləvazimatları mağazasının içərisinin konstruktiv elementləri (satış rəfləri, alkopan konstruksiyalar və tavanı) dağılmış, qapı-pəncərələri çərçivədən çıxmış, binanın ikinci və üçüncü mərtəbələrinin və yaxınlıqda yerləşən bəzi binaların pəncərə şüşələri qismən sınmışdır.

Partlayış dalğasının təsirindən 100-150 metr əraziyə dağılmış dəftərxana ləvazımatları qismən yanmışdır. Bina yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Hadisə zamanı mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri almışdır.

Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır".