İsmayıllı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, mayın 2-də rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini 25 yaşlı Eşqin Paşayev saxlanılıb. Onun atasına məxsus avtomobildə daşıdığı, eləcə də yaşadığı evdə gizlətdiyi 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Bundan əlavə, evdən onun müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan, qanunsuz saxladığı “Vinçestr” markalı ov tüfəngi və həmin silaha məxsus 130 karteç, eləcə də pnevmatik tapança, bir sandıq və 371 qırma aşkarlanaraq götürülüb.
Ağdaş rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini 32 yaşlı Nicat Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman kibrit qutularında və kağız bükümlərdə 13,49 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb. Davam etdirilən tədbirlər nəticəsində onun yaşadığı evə də baxış keçirilib. Oradan isə ümumi çəkisi 608 qramdan artıq qurudulmuş marixuana və xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 55 çətənə bitkisi aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.