logo

Bakıda “Land Cruiser”in sürücüsü 11 maşını vurub keçdi

17:23 02-05-2019 | icon 3318
Bakıda “Land Cruiser”in sürücüsü 11 maşını vurub keçdi

Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi 54/56 ünvanında yerləşən binanın həyətində sərxoş halda “Land Cruiser” markalı maşınla həyətdə dayanmış 11 avtomobili əzən şəxsin kimliyi məlum olub.

 YeniAvropa xəbər verir  ki,bu haqda Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə "virtualaz.org"a açıqlamasında bildirib. Qeyd edib ki,  o, həmin binada kirayədə qalan Sənan Kərimovdur :  “Hadisəni törədən həmin binadakı mənzillərdən birində kirayədə qalan Sənan Kəromovdur. Qonşusu xaricdə yaşayan digər bir qonşusunun avtomobilini ona verib ki, 1-2 dövrə vursun, akumlyator enerji yığsın. S. Kərimov isə sərxoş olduğuna görə binanın həyətindəki avtomobilləri əzib. Ən azı 9 avtomobil sahibinə ziyan dəyib. Hazırda Sənan Kərimov saxlanılıb, sərxoşluq ekspertizasından keçirilib və sərxoş olduğu müəyyən edilib. Binəqədi rayon Polis İdarəsinin Təhqiqat şöbəsində faktla bağlı araşdırma aparılır”.

O. Mansurzadə həmçinin bildirib ki, hazırda ekspertiza avtomobillərə dəyən ziyanın miqdarını müəyyənləşdirir. Araşdırmalardan sonra hadisəyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında baş verib. Həmin avtomobillə birlikdə park edilmiş vəziyyətdə olan 11 avtomobili xurd-xəşil edən şəxsin sərxoş və ya narkotik maddələrin təsiri altında olduğu bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, bu şəxs həmin binadakı mənzillərdən birində kirayədə qalırmış və qonşulardan heç kim onu tanımır. Sükanı arxasına keçib həyətdəki maşınları vurduğu “Land Cruiser” isə qonşuluqda yaşayan Rafiq adlı şəxsə məxsusdur

“Rafiq özü Türkiyədə olduğundan avtomobilinin açarını qapı qonşusu İslama verib. Tapşırıb ki, hərdən xoda salsın, akkumulyatoru dayanmasın. Dünən də qonşu maşını xoda salmaq üçün həyətə düşübmüş. Bu vaxt həmin adını bilmədiyimiz, binamızda kirayədə qalan şəxs yaxınlaşıb, kömək təklif edib. Qonşu da cip sürə bilmədiyini deyərək razılaşıb, açarı ona verib. Lakin sürücünün sərxoş olduğunu hiss etməyib”, - deyə qonşulardan biri bildirir.

Qonşuluqda yaşayanlar deyirlər ki, hadisə nəticəsində ən az zədələnən avtomobilə 1500-2000 manat ziyan dəyib. Əzilən avtomobillərin əksəriyyəti təzə maşınlar olub. Aralarında son model “Land Cruiser”, “X-Trail”, “Passat”, “Range Rover”, “Mercedes”, “Niva” və s. var.

O, idarə etdiyi maşını cərgənin sonunda dayanmış “Land Cruiser”ə çırparaq saxlayıb. Hadisə şahidlərinin sözlərinə görə, əgər həmin avtomobilə dəyib dayanmasaydı, hadisənin daha böyük faciəyə çevrilmək qorxusu var idi: “Yaxşı ki, həmin gün həyətdə uşaqlar az olub. Olanlar da uşaqlar üçün ayrılmış qumluq hissədə oynayıblar. Əgər ortalıqda oynayan azyaşlı uşaqlar olsaydı, onlar qaçıb canlarını qurtara bilməyəcəkdilər”.

Sakinlər bildirirlər ki, ilkin hesablamaya görə, binanın həyətində olan avtomobillərə cəmi 60-70 min manat arası ziyan dəyib.

Bina sakinlərindən biri hadisəni mobil telefonla çəkməyə imkan tapıb. Kadrlardan görünür ki, “Land Cruiser”in sükanı arxasında olan şəxs avtomobili tamamilə qeyri-adekvat idarə edir, sanki bilərəkdən park vəziyyətində olan avtomobilləri əzir.

Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki,  zərərçəkən sürücülər Binəqədi rayon Polis İdarəsinə dəvət olunaraq izahatları alınıb. Hadisəni törədən sürücü artıq saxlanılıb və barəsində araşdırma aparılır. Onun sərxoş vəziyyətdə olduğu təsdiqlənib