logo

Azərbaycan-Uruqvay iqtisadi əməkdaşlığa dair saziş imzalanıb

11:30 02-05-2019 | icon 3010
Azərbaycan-Uruqvay iqtisadi əməkdaşlığa dair saziş imzalanıb

Aprelin 2-də iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Uruqvay Şərq Respublikasının xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşüb. 

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görüşdə Azərbaycan və Uruqvay arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Ş.Mustafayev qeyd edib ki, ölkələrimiz arasında ticarət əlaqələri inkişaf edir, Azərbaycan 2018-ci ildə Uruqvaya ən çox neft ixrac edən 5 ölkədən biri olub. Bununla belə, iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var. Azərbaycan və Uruqvay nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili iqtisadi əməkdaşlığın və biznes strukturları arasında əlaqələrin möhkəmləndirilməsində faydalı ola bilər.

Nazir iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün möhkəm müqavilə-hüquq bazanın yaradılmasının önəmini qeyd edib, Azərbaycan və Uruqvay arasında əməkdaşlığın inkişafı üçün potensialı diqqətə çatdırıb. Qeyd olunub ki, Uruqvay şirkətləri Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən faydalana bilərlər.

Uruqvay Şərq Respublikasının xarici işlər naziri ölkəmizdə həyata keçirilən islahatlardan və əldə olunan nailiyyətlərdən məmnunluğunu ifadə edərək prezident İlham Əliyevlə görüşdə aparılan müzakirələrin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayacağını vurğulayıb. Rodolfo Nin Novoa mövcud potensialdan istifadənin, iş adamları arasında görüşlərin təşkil edilməsinin iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsində əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti və bu forumun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyi vurğulanıb.

Həmçinin görüş çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında” Saziş imzalanıb. Sənəddə ölkələrimiz arasında iqtisadi, ticarət və texniki əməkdaşlığın genişləndirilməsi məqsədilə Birgə Komissiyanın yaradılması, kiçik və orta şirkətlər arasında əməkdaşlığın, hər iki ölkədə keçirilən beynəlxalq sərgi və yarmarkalarda iştirakın təşviqi, investisiya sahəsində təcrübə mübadiləsinin təşkili və sair məsələlər nəzərdə tutulur.