logo

Ədliyyə Nazirliyində 2017-ci ilin yekunları müzakirə olunub

22:51 26-01-2018 | icon 2338
Ədliyyə Nazirliyində 2017-ci ilin yekunları müzakirə olunub

Yanvarın 26-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin geniş kollegiya iclası keçirilib. Nazirliyin struktur qurumlarının, yerli və regional ədliyyə idarələrinin rəhbərlərinin, QHT və KİV nümayəndələrinin iştirak etdikləri iclasda 2017-ci ildə ədliyyə orqanları tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub. YeniAvropa xəbər verir  ki, iclasda qeyd olunub ki, 2017-ci ildə nazirlik tərəfindən iqtisadi inkişafa, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əvvəlki illə müqayisədə 23 faiz çox - 1400-ə yaxın normativ hüquqi akt layihəsi hazırlanıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 3200-ə yaxın belə akt hüquqi ekspertizadan keçirilib. Nazirlik tərəfindən aparılan və əhalinin təmənnasız istifadə etdiyi qanunvericiliyin elektron bazalarına müraciət edənlərin sayı 56 faiz artaraq 810 minə çatıb.

Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işi diqqətdə saxlanılıb, 13 min vətəndaş nazirlikdə, bölgələrdə və “virtual qəbul” məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

Notariat orqanlarında aparılan əməliyyatların sayı artaraq 3,9 milyona çatıb. Bunların da 94 faizi xüsusi notariuslar tərəfindən rəsmiləşdirilib. Həmçinin 324 min vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib. Bu əməliyyatlarla bağlı 44 milyon manatdan çox dövlət rüsumu və haqq ödənilib. Həmçinin daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə notariuslar tərəfindən təxminən 40 milyon manat vergi dövlət büdcəsinə köçürülüb.

Eyni zamanda, Azərbaycan brendi olan “ASAN xidmət” çərçivəsində il ərzində rəsmiləşdirilən əməliyyatların 21 faizi, verilmiş hazır sənədlərin 44 faizi “ASAN” mərkəzlərində fəaliyyət göstərən ədliyyə qurumları tərəfindən həyata keçirilib.

Həmçinin vətəndaş məmnunluğunun təmin edilməsi, doğumun qeydiyyatı sahəsində müddət gecikmələrinin qarşısının alınması məqsədilə 2017-ci ildə 5200-dən çox doğum səyyar qaydada bilavasitə tibb müəssisələrində rəsmiləşdirilib.

Vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan və nazirlik tərəfindən dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının ölkədə ümumi sayı 4180 təşkil edir. KİV-lərin sayı isə 5200-ə çatıb.

Diqqətə çatdırılıb ki, ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlər təkmilləşdirilib. Ötən il nazirliyin 25 elektron xidmətindən istifadə edənlərin sayı əvvəlki illə müqayisədə 2,5 dəfə artaraq 4,6 milyonu ötüb.

Məhkəmə Ekspertizası Mərkəzinə il ərzində 41 ekspert ixtisası üzrə 34 min 800-dən artıq iş daxil olub. Bu zaman ekspertlər 785 minə yaxın suala cavab verməklə qaldırılmış məsələlərin 99,5 faizini həll ediblər.

 

Tədbirə dəvət olunmuş QHT nümayəndələri çıxış edərək ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirləri yaxından izlədiklərini, Ədliyyə Nazirliyinin ictimai iştirakçılığa hər zaman xüsusi önəm verdiyini və səmərəli əməkdaşlığı vurğulayıblar.

 

İclasda, həmçinin cari məsələlərə baxılıb, ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ akt layihələri müzakirə olunaraq təsdiq edilib, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.